Vens: "Tramp Rusiyanı təkləmək istəmir" | VİDEO

      Vens:    "Tramp Rusiyanı təkləmək istəmir" |  VİDEO
  10 Sentyabr 2025    Oxunub:640
"ABŞ Prezidenti Donald Tramp Rusiyanı iqtisadi cəhətdən təcrid vəziyyətində qoymaqda hər hansı məna görmür. O, Ukrayna böhranı öz həllini tapanda Moskva ilə genişmiqyaslı layihələrdə əməkdaşlığa hazırdır".
Bu sözləri ABŞ-nin vitse-prezidenti C.D.Vens "One America News Network" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Donald Tramp bu niyyətini həm avropalılara, həm də ruslara açıq-aydın şəkildə bildirib.

"Prezident belə qənaətdədir ki, münaqişədən inadkarlıqla əl çəkməməkdən əlavə bu münaqişəyə görə Moskvanı iqtisadi müstəvidə təkləmək də əbəs işdir. Donald Trampın fikri aydındır: o, insanların ölməsini istəmir. Ukraynada sülh baş tutanda Vaşinqtonun maraq dairəsi çərçivəsində hər cür iqtisadi əməkdaşlığa da açıqdır. Ümumiyyətlə, Şərqi Avropa ilə güclü iqtisadi əlaqələrimiz qurularsa, bu, uzunmüddətli sülh naminə ən yaxşı təminata çevrilər", - vitse-prezident söyləyib.

Onun sözlərinə görə, münaqişəni başa çatdırmaq, sülh yolu ilə iqtisadi tərəqqi mühiti yaratmaq imkanı var.

"Çalışacağıq ki, bu imkan üzərində səy göstərək. İndidən hər hansı nəticə haqqında danışmaq çətindir, amma zəmanət verirəm ki, bir gün bu müharibə sülh sazişi ilə başa çatacaq", - C.D.Vens deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna   münaqişə   danışıqlar  



Xəbər lenti